BAKI, 20 may. TELEQRAF

İsveçrədə hazırda şəhər və kənd arasında siyasi qarşıdurma mövcuddur.

Teleqraf xəbər verir ki, bunu İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə Direktor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri" adlı tədbirdə deyib.

O bildirib ki, şəhərdə yaşayan insanlar daha çox liberal, yaşıl-sol baxışlara meyllidirlər, kənd əhalisi isə fərqli mövqedə dayanır:
"Beləliklə, Avropada şəhər-kənd bölgüsü siyasi baxımdan digər bölgələrdəki vəziyyətə bənzəyir.

Amma əslində Avropada yaşayan bir çox insan hibrid şəhər-kənd reallığında yaşayır. Şəhərin harada bitdiyini və kəndin harada başladığını ayırd etmək çox çətindir. Biz urbanizasiya olunmuş aqlomerasiyalarda yaşayırıq və bu vəziyyət daim dəyişir. Avropanın əhalisinin böyük hissəsi də məhz belə ərazilərdə yaşayır.

COVID böhranının bu prosesə necə təsir etdiyini izah edən kitabları oxusanız görərsiniz ki, iş və gündəlik həyat daha da mərkəzdən uzaqlaşıb, yəni desentralizasiya olunub. Bu da şəhər ilə kənd arasındakı sərhədi daha da qeyri-müəyyən edib. Artıq işin, istirahətin və sosial həyatın harada baş verdiyini dəqiq müəyyənləşdirmək çətinləşib".