BAKI, 20 may. TELEQRAF

Ukraynada şəhərlərin bərpası yalnız dağıdılmış binaların yenidən tikilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial və iqtisadi inkişafı da əhatə etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən “UN4UkrainianCities” layihəsinin rəhbəri Tamara Fortes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

O qeyd edib ki, layihə 2023-cü ildən Ukraynada həyata keçirilir və əsas məqsəd mənzil siyasətinin yenilənməsi, şəhər planlaşdırılması və dayanıqlı inkişaf strategiyalarının hazırlanmasıdır:

“Layihə çərçivəsində Xarkov və Nikolayev şəhərlərində iqtisadi-demoqrafik təhlillər aparılır, baş planlar hazırlanır və ayrı-ayrı şəhər əraziləri üzrə pilot layihələr icra olunur. Təşəbbüs ictimai iştirakçılıq, yerli idarəetmələrin potensialının artırılması və sakinlərlə birgə planlaşdırma prinsiplərinə əsaslanır”.