BAKI, 20 may. TELEQRAF
AYİB-in mənzil sahəsində uğurlu modellərindən biri binaların yenidən qurulması, yəni modernizasiyası ilə bağlıdır. Biz bunu Moldovanın paytaxtı Kişinyov şəhərində həyata keçirmişik.
Teleqraf xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun rəhbər müavini Linn O’Qreydi WUF13 çərçivəsində keçirilən “The Climate-Housing Nexus“ mövzusunda tədbirdəki çıxışında bildirib.
O qeyd edib ki, AYİB çoxtərəfli inkişaf bankıdır:
“Biz üç qitəni əhatə edirik – keçmiş Sovet İttifaqı ölkələri, Mərkəzi və Şərqi Avropa, həmçinin indi Afrikada da fəaliyyət göstəririk. Düşünürəm ki, müzakirə baxımından vacib məqamlardan biri odur ki, biz həm dövlət, həm də özəl sektoru eyni çətir altında əhatə edirik.
AYİB Kişinyovda ictimai binaların modernizasiyasını maliyyələşdirib. Bu, enerji performansı müqaviləsi əsasında həyata keçirilib. Yəni podratçı layihə nəticəsində enerji qənaətinin əldə olunmasına maraqlı olur və buna görə təşviq edilir. Bu enerji qənaəti isə öz növbəsində borclanmanın ümumi xərclərini azaldır. Mən burada hər kəsin üzləşdiyi fiskal imkanlar məsələsinə toxunuram.
Həmçinin bu layihənin enerji səmərəliliyi baxımından yaratdığı aydın əlavə faydalar layihənin qrant mexanizmi ilə strukturlaşdırılmasına imkan verdi. Bu qrant Yaşıl İqlim Fondu tərəfindən ayrılmışdı və beləliklə, biz qarışıq maliyyələşdirmə modelini tətbiq edə bildik”.