BAKI, 20 may. TELEQRAF
Qazaxıstan parlamentinin deputatları hər iki palatanın birgə iclasında yeni ali Konstitusiya məşvərətçi orqanı - Qazaxıstan Xalq Şurası haqqında Konstitusiya qanununu qəbul ediblər.
Teleqraf xəbər verir ki, qanun martın 15-də keçirilən ümumxalq referendumunda qəbul edilmiş ölkənin yeni Konstitusiyasının müddəalarını həyata keçirmək üçün hazırlanıb.
Sənədlə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində ictimaiyyətin iştirakı mexanizmlərinin hazırlanmasına yönəlmiş yeni qurum yaradılır. Qazaxıstan Xalq Şurasının etnomədəni birliklərin, ictimai təşkilatların və yerli nümayəndəlik orqanlarının təmsilçilərindən ibarət olacağı nəzərdə tutulur. Bu qrupların hər biri 42 üzvdən ibarət olacaq.
Xalq Şurası üzvlərinin səlahiyyət müddəti dörd il olacaq. Onun sədri Prezidentin təklifi və ya Xalq Şurası üzvlərinin ümumi sayının ən azı üçdə birinin təşəbbüsü ilə seçiləcək.
Şuranın səlahiyyətlərinə daxili siyasət məsələləri üzrə təkliflər və tövsiyələr hazırlamaq, qanunvericilik təşəbbüsü hüququ vasitəsilə qanunvericilik prosesində iştirak, referendum təklifləri irəli sürmək, ictimai müzakirələr və dialoq platformaları təşkil etmək və ictimai nəzarətdə iştirak daxildir. Bundan əlavə, Xalq Şurasına Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayını təşkil etmək və keçirmək səlahiyyəti verilir. Bu qanunun qəbulundan sonra dövlət-xalq əməkdaşlığının yeni modelinə keçidi əks etdirən “Qazaxıstan Xalq Assambleyası haqqında” qanunun ləğv edilməsi təklif olunur.
Parlament Qazaxıstan Xalq Şurası haqqında qanunu qəbul etdikdən sonra imzalanmaq üçün respublika Prezidentinə təqdim ediləcək.