BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Norveçin paytaxtı Osloda Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna tərəfi danışıqlar zamanı münaqişənin nizamlanması ilə bağlı yeni ideya və təkliflər irəli sürüb. Təkliflərin konkret məzmunu açıqlanmasa da, müzakirələrin təhlükəsizlik zəmanətləri də daxil olmaqla, hərtərəfli sülh planının əsas müddəalarını əhatə etdiyi qeyd olunub.

Mənbələrin sözlərinə görə, Uitkoff danışıqlarda əldə olunan irəliləyişi davam etdirmək və irəli sürülən bütün təklifləri Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmək niyyətindədir.

Məlumata əsasən, Uitkoffun oktyabrın 21-də Rusiya lideri ilə görüşməsi nəzərdə tutulur.

Osloda keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinə Prezident Volodimir Zelenski rəhbərlik edib. Görüşdə ABŞ və bir sıra Avropa ölkələrinin nümayəndələri də iştirak ediblər.

Kreml də Uitkoffun yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid etdiyini açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mümkün görüşdə Ukrayna və Avropa tərəfinin sülh prosesinə dair mövqeləri müzakirə oluna bilər.