BAKI, 19 oktyabr. TELEQRAF
“Böyük səbirsizliklə sabahkı oyunu gözləyirəm. Həqiqətən də uğura çox ehtiyacımız olacaq. Rəqibin son iki oyunda qol vura bilməməsi bizim üçün çox da yaxşı xəbər deyil. Çünki bu, onların hücum etməyə və qol vurmağa daha çox köklənəcəyi anlamına gəlir. Lakin mən komandama, potensialımıza və oyun planımıza həqiqətən inanıram”.
Teleqraf xəbər verir ki, bunu Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda Almaniyanın “Borussiya Dortmund” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Litvalı mütəxəssis rəqibin gücünə və oyun üslubuna diqqət çəkib:
“'Borussiya' Almaniyanın və ümumilikdə dünyanın ən böyük klublarından biridir. Oynadıqları futbol öz dəstixətti olan, komanda oyununa söykənən və çox yaxşı məşqçisi olan bir kollektivin oyunudur. Hər mövqedə liderləri var. Bizi son dərəcə çətin oyun gözləyir, çünki onların topu ötürmə sürəti həqiqətən çox yüksəkdir. Hər Çempionlar Liqası matçı bir dərsdir və inanıram ki, sabah da özümüz haqqında bir çox həqiqətləri öyrənəcəyik. "Borussiya" həm də çox yüksək presinq tətbiq edən, intensiv oynayan və dünyada sprintləri ən çox edən komandalardan biridir. Beləliklə, qarşıda çoxlu sınaqlar var, lakin biz Çempionlar Liqasındayıq və asan oyunlar gözləmirik”.
Dambrauskas azarkeş dəstəyinin vacibliyini və komandadan gözləntilərini vurğulayıb:
“Dolu tribunaların önündə oynamaq futbolçular üçün həmişə böyük zövqdür. Nə qədər çox azarkeş gəlsə, bir o qədər şad olarıq. Onlar öz enerjilərini bizə ötürə bilərlər. Lakin mən heç vaxt qələbə ehtimalları haqqında müzakirə aparmıram. Məni daha çox komandamın nümayış etdirəcəyi oyun maraqlandırır. Əgər tapşırıqları icra etsək və oyun planına riayət etsək, nəticə öz-özünə gələcək. Mümkün qədər çox qol vurmağa çalışacağıq, lakin "Borussiya"dan da soruşmaq lazımdır ki, bizə nə qədər imkan verəcəklər”.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” matçı saat 20:45-də başlayacaq.