BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropada miqrasiya ilə bağlı vəziyyətin son dərəcə gərgin olduğunu bildirib və mümkün nəticələr barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Fransa və İtaliyada baş verən kütləvi iğtişaşları şərh edən ABŞ Prezidenti hadisələrin əsas səbəbini miqrantların yerli cəmiyyətə inteqrasiya olunmamasında gördüyünü bildirib.
“İtaliya və Fransaya baxsanız, məsələ miqrasiyadadır. Mən bütün Avropa liderlərinə bunun baş verəcəyini demişdim. Bu, hər an partlaya biləcək qazandır”, – Tramp vurğulayıb.
ABŞ Prezidenti Avropada baş verən hadisələri izləməyin kədərli olduğunu da əlavə edib.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Təşkilatçıların məlumatına görə, nümayişlərə 800 min nəfər qatılıb. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib.
Fransanın daxili işlər naziri Loran Nunyes ölkə üzrə 1800 nəfərin saxlanıldığını bildirib. O, dağıntı və qarətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Trampın iğtişaşları miqrasiya ilə əlaqələndirməsi onun siyasi qiymətləndirməsidir. Fransadakı nümayişlərin elan edilmiş əsas səbəbi isə qiymət artımı və yaşayış xərcləri olub.