BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı qaçqınların ölkədə müvəqqəti yaşamaq hüququnun uzadılması imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ Prezidentindən Ukraynada müharibə başa çatana qədər ukraynalı qaçqınların ölkədə qalmasına icazə verilib-verilməyəcəyi soruşulub.

“Mən, əlbəttə, bu məsələni nəzərdən keçirərdim”, – Tramp cavab verib.

Qeyd edək ki, ukraynalılara ABŞ-də müvəqqəti qorunma statusu verən proqramın qüvvədə olma müddəti oktyabrın 19-da başa çatır.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, proqramın müddətinin bitməsi ukraynalıların ölkədə müvəqqəti qalmaq hüququnu avtomatik olaraq itirməsi demək deyil.

Tramp administrasiyası əvvəllər müvəqqəti xarakter daşıyan bu proqramın dəfələrlə uzadılmasını tənqid edib.

Son il yarım ərzində ABŞ hakimiyyəti Əfqanıstan, Haiti və Venesuela da daxil olmaqla, ondan çox ölkədən gəlmiş bir milyondan artıq miqrantı müvafiq statusdan məhrum edib.

Xatırladaq ki, 1990-cı ildə ABŞ Konqresi tərəfindən yaradılan müvəqqəti qorunma proqramı müharibə, təbii fəlakət və digər böhranların yaşandığı ölkələrdən gələn şəxslərə deportasiyadan müvəqqəti müdafiə və işləmək icazəsi verilməsini nəzərdə tutur.

Ukrayna vətəndaşlarına bu status 2022-ci ilin yazından tətbiq edilir.

“Politico” nəşri daha əvvəl təxminən 100 min ukraynalının ABŞ-də qalmaq hüququnu itirmək riski ilə üzləşə biləcəyini yazıb.