BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynanı Vaşinqtonun müttəfiqi adlandırmaqdan çəkinib və Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, Vens bu barədə “2WAY” portalına müsahibəsində bildirib.

Vitse-prezidentdən Ukraynanın ABŞ-nin müttəfiqi olub-olmadığı soruşulub.

“Onlar müəyyən mənada, şübhəsiz ki, tərəfdaşımızdır. Amma düşünürəm ki, maraqlarımız zaman-zaman üst-üstə düşmür”, – Vens cavab verib.

O, buna nümunə olaraq Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələri göstərib.

“Mən amerikalılar üçün enerji qiymətlərinin artmasına səbəb olan Rusiya dizel istehsalı obyektlərinə zərbələr endirilməsini düzgün hesab edirəmmi? Xeyr. Əlbəttə, biz Ukrayna ilə bəzi məsələlərdə əməkdaşlıq edirik və bunu davam etdirəcəyik. Amma düşünürəm ki, onlar Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmalıdırlar”, – vitse-prezident vurğulayıb.

Jurnalistin müttəfiqlik və tərəfdaşlıq münasibətləri arasındakı fərqlə bağlı sualına cavab verən Vens Ukrayna ilə ABŞ arasında rəsmi hərbi ittifaqın olmadığını bildirib.

“Bildiyimə görə, Ukrayna ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur”, – o qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələrini dəfələrlə tənqid edib.

Trampın fikrincə, bu hücumlar dünya dizel yanacağı bazarına, o cümlədən ABŞ-də yanacaq qiymətlərinə mənfi təsir göstərir.