BAKI, 19 avqust. TELEQRAF
ABŞ administrasiyası müttəfiq və tərəfdaş ölkələrə silah tədarükü ilə bağlı bəzi ixrac nəzarəti qaydalarını ləğv etməyi və ya sadələşdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ-nin elm və texnologiya sahəsində yeni Milli Təhlükəsizlik Strategiyasında bildirilib.
Sənəddə qeyd olunur ki, Vaşinqton hərbi-texniki sahədə köhnəlmiş nəzarət mexanizmlərinin innovasiyalara, rəqabətə, Amerika şirkətlərinin beynəlxalq əməkdaşlığına və yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə mane olmaması üçün onların ləğvinə və ya sadələşdirilməsinə çalışır.
Strategiyada raket texnologiyalarına nəzarət rejiminin tətbiqi ilə bağlı ABŞ-nin milli siyasətində əlavə dəyişikliklərin də mümkün olduğu vurğulanıb. Bildirilib ki, müvafiq təhlükəsizlik tədbirləri saxlanılmaqla yaxın müttəfiq və tərəfdaşların bu sahədə töhfəsinin artırılması nəzərdə tutulur.
ABŞ dövlət qurumlarına, həmçinin silah tədarükünü tənzimləyən ixrac nəzarəti rejimlərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində fəaliyyətlərini əlaqələndirmək tövsiyə olunub. Məqsəd müttəfiq və tərəfdaşların kollektiv müdafiəyə töhfəsini artırmaq üçün daha əlverişli şərait yaratmaqdır.
Sənədə əsasən, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu artıq ixrac nəzarətinin yumşaldılması istiqamətində bir sıra addımlar atır. Qurum bu il ciddi ixrac nəzarəti normalarına əməl edən müttəfiq və tərəfdaşlara pilotsuz uçuş aparatlarının ixracı prosedurunu sadələşdirib.
Yeni strategiyada Vaşinqtonun yaranan risklərə, yeni texnologiyalara və dəyişən strateji şəraitə uyğun olaraq ixrac nəzarəti mexanizmlərini yeniləmək niyyətində olduğu da qeyd edilib.