BAKI, 4 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 7-də Ankaraya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Amerika liderini müşayiət edəcək təxminən 1000 nəfərlik nümayəndə heyəti isə hazırlıqları başa çatdırmaq məqsədilə bir neçə gün əvvəl Türkiyənin paytaxta gələcək. ABŞ Prezidentinin təhlükəsizliyi və logistikasına cavabdeh olan xüsusi agentlər və sahə qrupları Donald Trampın səfərindən əvvəl Ankarada yerləşərək istifadə olunacaq marşrutları, təhlükəsizlik perimetrlərini və kortejin hərəkət planını dəqiqliklə hazırlayacaqlar.
ABŞ Prezidenti Ankaradakı proqramına ilk olaraq Anıtkabiri (Mustafa Kamal Atatürkün məzarını) ziyarət etməklə başlayacaq, ardınca Prezident Sarayına yollanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarını Beştəpədə keçiriləcək rəsmi mərasimlə qarşılayacaq. Trampın xidməti avtomobili Prezident Sarayına gedən marşrut boyunca atlı dəstə tərəfindən müşayiət olunacaq.
Rəsmi qarşılama mərasimindən sonra liderlər əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar baş tutacaq.
Görüşdə Türkiyənin yerli döyüş təyyarəsi KAAN üçün F-110 mühərriklərinin tədarükü, Ankaranın F-35 proqramına yenidən qoşulması, eləcə də Yaxın Şərqdə baş verən son hadisələr kimi mühüm məsələlərin müzakirə olunacağı bildirilir. Görüşlərin yekununda Ərdoğan və Trampın bir sıra razılaşmalar imzalayaraq birgə mətbuat qarşısına çıxacağı gözlənilir.
Xatırladaq ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.