BAKI, 25 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı qəribə və soyuqqanlı dili onun prosesə birtərəfli və ya rusiyayönlü mövqeyini nümayiş etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Trampın son bəyanatlarını təhlil edən CNN bildirib.

ABŞ prezidenti Rusiyanın Ukraynaya dünənki kütləvi hücumları barədə sosial mediada kifayət qədər soyuqqanlı paylaşım edib. Tramp birbaşa rusiyalı həmkarı Vladimir Putini günahlandırmadan sadəcə mülki şəxslərin öldürülməsini qınayıb.

“ABŞ prezidenti başsağlığı verə, mülki şəxslərə qəsdən hücumun müharibə cinayəti olduğunu və sülh prosesini təhdid etdiyini deyə bilərdi. Amma Trampın cavabı dəhşətli hücumun nəticələrini buna əmr verən liderlə əlaqələndirməkdən imtina etməsi, onun uzun müddətdir davam edən ənənəsinə uyğun idi”, - CNN qeyd edir.

Həmçinin Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin “müharibənin həllini çətinləşdirən qızışdırıcı bəyanatlarından” şikayətlənib. Amerikalı analitiklər vurğulayırlar ki, ABŞ prezidentinin iki liderə qarşı tonundakı ziddiyyət açıq şəkildə diqqəti çəkir.

ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst deyib: “Zelenski həqiqəti söyləməyə cəsarət edəndə, Tramp onu tənqid edir. Putin mülki insanları ballistik raketlərlə öldürəndə, onun yanlışını “düzəldir”. Yaxud onu yüngülcə cəzalandırır”.

Ukraynaya davamlı təzyiqləri ilə müqayisədə Rusiyanın münaqişədə hansı güzəştlərə gedə biləcəyi soruşulduqda Tramp Moskvanın müharibə və bütün ölkəni ələ keçirməyi dayandırması faktının artıq kifayət qədər böyük güzəşt olduğunu söyləyib.

“Bu cavab Trampın müharibəyə Putinin prizmasından baxdığını göstərir”, - CNN vurğulayır.

Mənbə hesab edir ki, əslində Tramp Putinin müharibəni dayandırmaqdan yayınmasından məyus olsa da, bunu açıq büruzə vermək istəmir.