BAKI, 4 oktyabr. TELEQRAF
İranın İslamabad razılaşması çərçivəsində irəli sürülən yeddi əsas şərt təmin edilməyənədək Hörmüz boğazı gəmilərin hərəkəti üçün açılmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalıbaf bəyan edib.
Məclis sədri bildirib ki, ABŞ rəsmiləri mediada fərqli mövqe nümayiş etdirsələr də, son vaxtlar vasitəçilər vasitəsilə İrana yeni təkliflər təqdim ediblər:
“Vaşinqton anlamalıdır ki, vaxtı uzatmaq və birtərəfli tələblər diktə etmək dövrü başa çatıb. İran İslam Respublikasının mövqeyi tamamilə şəffaf və qətidir. İslamabad anlaşmasına əsaslanan yeddi şərtimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”.
Qalıbaf vurğulayıb ki, Tehran xarici siyasətini media ritorikası üzərində qurmur:
“İran öz daxili, xarici və milli təhlükəsizlik siyasətini ABŞ rəsmilərinin gündəlik müsahibələri və ya sosial şəbəkə paylaşımları ilə tənzimləyən ölkə deyil. Biz mediadakı bəyanatları deyil, düşmənin sahədəki real addımlarını əsas götürürük”.