BAKI, 21 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Maskatın İranla Hörmüz boğazı ilə bağlı apardığı danışıqlara görə ölkəyə zərbələr endirməklə bağlı son hədələri Oman rəhbərliyində çaşqınlıq yaradıb, bu, onlar üçün gözlənilməz olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” Oman mənbələrinə istinadla məlumat yayıb.
“Çaşqınlıq içindəyik. Açığı, biz bunu (hədələri - red.) ciddi qəbul etmirik”, - portalın həmsöhbətlərindən biri bildirib.
Mənbə qeyd edib ki, Oman hakimiyyəti danışıqların bütün mərhələlərində ABŞ-ni İranla aparılan müzakirələr barədə məlumatlandırıb və Vaşinqtonun mənfi reaksiyası ilə qarşılaşmayıb. Oman rəhbərliyinin fikrincə, Trampın açıqlamaları daha çox İranla danışıqların uğursuzluğuna görə məsuliyyəti ictimaiyyət qarşısında başqa ölkənin üzərinə atmaq zərurəti ilə bağlıdır.
“Tramp müharibənin uğursuzluğuna görə günah keçisi axtarır”, - mənbələrdən biri deyib.
Avqustun 17-də Donald Tramp Omanın fəaliyyətindən narazılığını ifadə edib və ölkənin İranla ABŞ arasında münaqişənin nizamlanmasına mane olacağı təqdirdə Omanı cəhənnəmə çevrilənədək bombalamaqla hədələyib.
ABŞ hakimiyyəti hesab edir ki, Oman İranla Hörmüz boğazına nəzarət məsələsi üzrə danışıqlarda həddindən artıq güzəştlərə gedib.