BAKI, 6 avqust. TELEQRAF
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriya xarici işlər naziri Əsəd Şibani ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Türkiyə-Suriya münasibətləri və ortaq əməkdaşlıq sahələri, qonşu ölkələrlə əlaqələr və regional sabitlik, Livanda baş verən hadisələr, eləcə də Suriya-Livan münasibətləri müzakirə olunub.
İbrahim Kalın və Əsəd Şibani arasında keçirilən görüşdə “Suriya Demokratik Qüvvələri”nin (SDQ) inteqrasiyası prosesinin gedişi, eləcə də terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib. Qeyd olunub ki, Suriyada SDQ-nin inteqrasiyası istiqamətində davam edən prosesin uğurla başa çatdırılması məqsədilə konstruktiv addımlar atılır.
Suriya hökumətinin ölkədə sabitliyin təmin edilməsi məqsədilə İŞİD terror təşkilatına qarşı fəaliyyətini effektiv şəkildə davam etdirdiyi vurğulanıb.
ABŞ/İsrail-İran müharibəsinin regiona siyasi-iqtisadi təsirləri, həmçinin Suriyaya tətbiq olunan sanksiyaların və ölkəyə yönələn investisiyaların son vəziyyəti də müzakirə olunub.