BAKI, 28 iyul. TELEQRAF
“ABŞ-nin İran məsələsində maraqları İsrailin maraqlarından daha genişdir”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats ABŞ Prezidenti Donald Trampın bu gün Vaşinqtonda Baş nazir Benyamin Netanyahu ilə gözlənilən görüşünü şərh edərkən deyib.
“İrandakı enerji obyektlərinə zərbə endirməyi çox istərdik, amma ABŞ bununla razılaşmır. İranlılar bilirlər ki, İrana hücum etmək üçün ABŞ-nin döyüş təyyarələri İsraildən havaya qalxır”, - müdafiə naziri əlavə edib.
İsrailin İrana qarşı əldə etdiyi uğurlarından danışan Kats bildirib: “İsraili məhv etməklə hədələyən təkəbbürlü imperiya darmadağın edilib. Əgər bundan sonra İsrailə atəş açılsa, bütün gücümüzlə cavab verəcəyik. Öz imkanlarımız hesabına İrana zərbə endirməyə hazırıq”.
Müdafiə naziri həmçinin qeyd edib ki, Tramp İsrailin Livan, Qəzza zolağı və Suriyadan geri çəkilməyəcəyini anlayır.