BAKI, 14 aprel. TELEQRAF

Şanlıurfa valisi Hasan Şıldak hadisə ilə bağlı açıqlama verib:

“16 yaralımız var. Hücum edən şəxs məktəbimizin keçmiş şagirdidir, 2007-ci il təvəllüdlüdür. Hadisəni törədən şəxs öz həyatına son qoyub. Məktəbi təxliyə etdik. Hadisə araşdırılır”.

***

12:17

Liseydə təhsil alan bir şagirdin bu təhsil müəssisəsindən uzaqlaşdırılmasına etiraz etdiyi, bu səbəbdən tüfənglə hücum həyata keçirdiyi bildirilir.

Məlumata görə, hücumçu tüfənglə məktəbin həyətinə daxil olaraq atəş açmağa başlayıb, daha sonra binaya girərək müəllim və şagirdləri hədəf alıb.

Hücumdan sonra isə həmin şəxsin intihar edərək həyatına son qoyduğu qeyd olunur.

***

12:13

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda liseyə silahla hücum edən şəxsin 17-18 yaşlarında bir şəxs olduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə yerli media hadisə şahidlərinə istinadla məlumat yayıb.

***

12:05

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda liseyə silahlı hücum zamanı yaralananların sayı 16-ya çatıb.

Yaralı şagirdlərdən bəzilərinin silahlı hücumdan qaçmaq üçün pəncərədən tullanaraq xilas olmağa çalışdıqları bildirilir.

Təhlükəsizlik qüvvələrinin məktəbdə olan şagirdlərin böyük hissəsini təxliyə etdiyi qeyd olunur.

***
11:54

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda liseydə silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, məktəbə daxil olan silahlı şəxs ətrafa atəş açıb, nəticədə 7 nəfər yaralanıb.

Hadisə zamanı bəzi şagirdlərin yaralandığı iddia edilib.

Məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis və xüsusi təyinatlı qüvvələr göndərilib. Həmçinin iddiaya görə, liseydə olan hücumçu bəzi şagirdləri girov götürüb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində məktəbdə olan şagirdlərin böyük hissəsinin təxliyə edildiyi bildirilib.

Bölgədə hücumçunun zərərsizləşdirilməsi üçün əməliyyatların davam etdiyi deyilir.