BAKI, 11 aprel. TELEQRAF
ABŞ rəsmiləri bu gün İslamabadda İranla keçiriləcək danışıqların mümkün nəticələrinə pessimist yanaşır, iki tərəf arasında dərin fikir ayrılıqlarının qısa müddətdə irəliləyiş əldə etməyi çətinləşdirdiyini düşünürlər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.
Vaşinqton Hörmüz boğazının tezliklə açılması ehtimalına şübhə ilə yanaşır, Tehran isə sanksiyaların ləğvini, dondurulmuş aktivlərin sərbəst buraxılmasını və Livanın atəşkəsə daxil edilməsini tələb edir.
İranın 10 maddəlik təklifi ilə ABŞ-ın 15 maddəlik planı arasındakı fərqlər də danışıqları mürəkkəbləşdirir.
ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, danışıqlar olsa belə, gərginliyin yenidən alovlanması riski qalmaqdadır.
İran rəsmiləri və dövlət mediası da yeni hərbi toqquşma ehtimalı barədə xəbərdarlıq edib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki bildirib ki, danışıqlarda strateji səhv olarsa, Silahlı Qüvvələr hazır vəziyyətdədir.
Danışıqlara az qalmış – bu gün səhər saatlarında İsrail Livanın cənubunu hədəf alıb. Tehranın dəstəklədiyi “Hizbullah” terror təşkilatına hücumların dayandırılması İranın atəşkəs üçün şərtlərindən biri olsa da, bu şərt yerinə yetirilməyib.