BAKI, 10 mart. TELEQRAF
İsrail ABŞ-nin dəstəyi ilə güzəştə getmək istəməyən İranın yeni Ali rəhbəri Müctəba Xameneiyə qarşı sui-qəsd planlaşdıra bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp müşavirlərinə bildirib ki, əgər Müctəba Xamenei Vaşinqtona güzəştə getməyə hazır deyilsə, onun aradan qaldırılması ideyasını dəstəkləyəcək. Xüsusilə, Tramp İranın yeni liderin rəhbərliyi altında nüvə proqramından imtina etməsini istəyir.
Nəşr yazır ki, Vaşinqton Xameneini sərt siyasətçi hesab edir və onun İranın nüvə silahı əldə etmək cəhdindən əl çəkəcəyini və ya ABŞ ilə əlverişli şərtlərlə danışıqlar aparacağını gözləmir.
Nəşrin mənbələri Xameneinin aradan qaldırılması əməliyyatının arxasında İsrailin dayana biləcəyini irəli sürüb. Mənbənin iddiasına görə, Müctəba Xameneinin atası, İranın keçmiş ali rəhbəri Əli Xamenei və həyat yoldaşının ölümünə səbəb olan hava hücumunu məhz İsrail həyata keçirib.
Donald Tramp martın 8-də “ABC News”a verdiyi müsahibədə İranın növbəti ali rəhbərinin Vaşinqtonun razılığı olmadan uzun müddət hakimiyyətdə qalmayacağını bəyan edib.