BAKI, 17 fevral. TELEQRAF

“Əlbəttə, hərbi gəmilər təhlükəli vasitələrdir. Amma ABŞ-nin bölgəyə göndərdiyi təyyarədaşıyan gəmilərindən daha təhlükəlisi onları dənizin dibinə göndərə bilən silahdır”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın dünyanın ən güclü ordusuna sahib olduqları ilə bağlı açıqlamasına cavab olaraq deyib.

“Özünü dünyanın ən güclü ordusu hesab edən ordu elə bir şillə ala bilər ki, yerindən qalxa bilməz. ABŞ Prezidenti son çıxışlarından birində bəyan edir ki, Amerika 47 ildir İranı məhv edə bilməyib. Öz xalqına şikayətlənir, yaxşı etirafdır. Mən də deyirəm: sən də bunu bacarmayacaqsan”, - o qeyd edib.

İran lideri ABŞ-nin daxili siyasi, iqtisadi və sosial problemlərini “imperiyanın süqutunun əlaməti” adlandırıb və vurğulayıb ki, Vaşinqtonun əsas problemi İranı ram edə bilməməsidir.

İranın çəkindirici silahlara sahib olmasının zəruri olduğunu söyləyən Əli Xamenei əlavə edib ki, silahsız ölkələr düşmənlərin tapdağı altında qalır və ABŞ-nin bu sahəyə müdaxiləsi əsassızdır.

İranın rəhbəri nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin xalqın haqqı olduğunu iddia edib və ABŞ-nin danışıqlarda əvvəlcədən nəticə diktə etməsini “axmaqlıq” adlandırıb.