BAKI, 17 fevral. TELEQRAF
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı (şahbanu) Fərəh Pəhləvi dünyanın müxtəlif ölkələrində molla rejimi əleyhinə etiraz aksiyaları keçirən iranlılara təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.
Şahbanu bunu “iranlıların sarsılmaz iradəsi və milli həmrəyliyinin göstəricisi” kimi qiymətləndirib.
“Melbörndən Münxenə, Londondan Torontoya, Vaşinqtondan Los-Ancelesə qədər bir milyondan çox iranlı bir araya gələrək İrandakı həmvətənlərin səsi olublar”.
Mesajında İran rejimi tərəfindən on minlərlə etirazçının öldürüldüyü və bir çoxlarının həbsdə saxlanıldığını iddia edən Fərəh Pəhləvi vurğulayıb ki, xaricdə yaşayan iranlıların qaldırdıqları bayraqlar və səsləndirdikləri şüarlar onların vətənlərinə olan dərin sevgisini göstərir.
“İran tezliklə şeytani işğalçıların caynağından xilas olacaq”, - o əlavə edib.