BAKI, 3 fevral. TELEQRAF

ABŞ hökumətinin İranla razılaşmaya nail olmaq cəhdləri indiyədək olduğundan daha şübhəli görünür.

Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) yazıb.

Regiona nəhəng hərbi donanmanın köçürülməsinə çəkilən böyük xərclərə diqqət çəkən nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp məqsədsiz şəkildə bu qədər xərcə yol verməz.

“ABŞ ilə İran arasında danışıqlar üçün daha nə qalıb” sualını qaldıran mənbə bildirib ki, sanksiyaların azaldılması etirazçılara qarşı açıq xəyanətdir, bu, molla rejiminə daha çox maliyyə resursu əldə edərək hakimiyyətini möhkəmləndirməyə və repressiyaları davam etdirməyə imkan verir:

“Hətta İran raket proqramının məhdudlaşdırılması ilə bağlı razılaşmaya getsə belə, buna əməl etməyəcək”.

İran rejimi dəfələrlə göstərib ki, “Amerikaya ölüm” və “İsrailə ölüm” siyasətini irəli aparmaq üçün öz ölkəsini yoxsul və qeyri-təhlükəsiz hala salmağa hazırdır. Bu, dinc yanaşı yaşamağa yox, dini ideologiyasının ixracına çalışan rejimdir”.

Nəşr İranın Ali rəhbəri Əli Xamenei və repressiv komandasını devirmək üçün etirazçılara yardımı danışıqlarla müqayisədə daha yaxşı seçim adlandırır və Donald Trampa tövsiyə verir: “İran xalqının ümidlərini sındırmaq olmaz, əksinə, onlara özünəinam verilməlidir ki, vətəndaşlarının tələblərinə güllədən başqa cavabı olmayan rejimə qarşı təzyiqi davam etdirsinlər”.