BAKI, 31 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp müşavirlərindən İrana qarşı Yaxın Şərqdə uzunmüddətli müharibə riski yaratmayan, sürətli və qəti hərbi variantlar hazırlamağı istəyib. Bu, ABŞ-nin bölgədə hərbi gəmi və təyyarələrinin yerləşdirilməsini intensivləşdirdiyi vaxtda baş verir.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Administrasiya rəsmilərinin bildirdiyinə görə, müzakirələr hücumda əsas hədəfin nə olmasına fokuslanıb - İranın nüvə proqramının izlənilməsi, ballistik raket arsenalına zərbə endirilməsi, rejimin zəiflədilərək çökməsinə nail olunması, yaxud bu üç məqsədin birləşdirilməsinə. Nəşrin yazdığına görə, məqsəd Tehrana elə bir zərbə vurmaqdır ki, İran ABŞ-nin nüvə ilə bağlı tələblərini qəbul etməyə və müxaliflərin təqibini dayandırmağa məcbur olsun.
Rəsmilər deyirlər ki, İran rejimini devirməyə gətirib çıxara biləcək cəzalandırıcı bombardman kampaniyası da müzakirə olunub. Tramp və komandası həm də hərbi güc təhdidindən istifadə edərək İrandan diplomatik güzəştlər almaq imkanını da nəzərdən keçirib.
Trampın verəcəyi qərar istənilən hərbi əməliyyatın formasını müəyyən edəcək.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyat zabiti, ehtiyatda olan vitse-admiral Robert Mort deyib:
“Etmək istəyə biləcəyiniz şeylərin növü və buna görə lazım olacaq qüvvə paketləri tamamilə fərqlidir”.
Administrasiyanın yüksək rütbəli rəsmisi vurğulayıb ki, Tramp İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini dəfələrlə bəyan etsə də, strateji məqsəd və hərbi düşüncəsini gizli saxlamaq üçün qəsdən qeyri-müəyyən mövqe tutur.
Yaxın Şərqdə toplaşan hərbi gəmilər barədə danışan Donald Tramp yanvarın 30-da Oval ofisdə bəyan edib ki, nəhəng armada İrana yaxınlaşır.