BAKI, 23 yanvar. TELEQRAF

Yaxın Şərqdə gərginliyin artması və ABŞ-nin bölgədə geniş hərbi yerləşdirməsi fonunda Ağ Ev sahibi Donald Tramp Vaşinqton və Tehran arasında onilliklər boyu davam edən qarşıdurmanın yeni mərhələyə keçməsinə səbəb ola biləcək qərar qəbul etmək ərəfəsindədir.

Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“USS Lincoln” təyyarədaşıyan gəmisinin tezliklə Yaxın Şərqə gəlişi ilə eyni vaxtda Ağ Ev bəyan edib ki, İrana qarşı bütün variantlar nəzərdən keçirilir, ABŞ-nin yeni hərbi yerləşdirməsi geniş əməliyyat ssenarisini əhatə edir.

Donald Trampın özü də son günlərdə bir neçə dəfə bildirib ki, bütün variantlar masadadır. Bu, ABŞ-nin döyüş qırıcıları, yanacaqdoldurma təyyarələri, döyüş gəmiləri və digər dəniz vasitələrini Mərkəzi Komandanlığın (CENTCOM) əməliyyat zonasına göndərməsi ilə üst-üstə düşür.

İsrail nəşrinə danışan hərbi mənbələrin sözlərinə görə, bu yerləşdirmə geniş əməliyyat variantları çərçivəsində planlaşdırılıb:

“ABŞ-nin yeni hərbi yerləşdirməsi Trampın qarşısına bir sıra seçimlər qoyur: birbaşa hərbi hücumlardan tutmuş İranın neft ixracını dayandırmaq üçün dəniz blokadasına qədər”.

Diplomatlar “The Jerusalem Post”a deyiblər ki, bu cür yerləşdirmə Donald Trampın Venesuelaya tətbiq etdiyi təzyiq strategiyasını xatırladır.

ABŞ Prezidenti Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı növbəti addımları barədə detallar vermək istəmədiyini bildirib və vurğulayıb: “İranda nə baş verdiyini görməliyik”.

Buna baxmayaraq, nəşrin fikrincə, ABŞ liderinin əvvəlki təcrübəsi göstərir ki, onun təhdidləri tez praktik hərəkətlərlə nəticələnir.

Tramp hələ də kartlarını əlində saxladığı bir vaxtda analitiklər hesab edirlər ki, ABŞ-nin Yaxın Şərqdə geniş hərbi yerləşdirməsi təsadüfi deyil və bu, nəticələri yalnız İranla məhdudlaşmayacaq qərarın əvvəlcədən hazırlığı ola bilər.