BAKI, 14 yanvar. TELEQRAF

İranda davam edən ümumxalq etirazları zamanı 12 min insan öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə iranlı jurnalist Əmir Sultanzadə məlumat verib.

“Səddam Hüseyn ordusunun Hələbcədə kimyəvi hücumunda bu qədər insan həlak olmamışdı. Həmin hücumda ölənlərin sayı təxminən 5 min nəfər olub, amma İran rejimi azı 12 min iranlını qətlə yetirib. Hətta Bəşər Əsəd belə iki həftə ərzində bu qədər insan öldürməmişdi”, - jurnalist bildirib.

“CBS News”un məlumatına görə də, İranda iki həftədən çoxdur davam edən hökumət əleyhinə etirazların zorakılıqla yatırılması nəticəsində ölənlərin sayı dəhşətli həddə çatır: “Ölənlərin sayı ən azı 12 min nəfərdir, rəqəm artaraq 20 minə çata bilər. Bu, əvvəllər dərc olunmuş məlumatlardan dəfələrlə çoxdur”.

Mənbə qeyd edib ki, qurbanlar əsasən ağır güllə və qəlpə yaraları alan yerli sakinlər və etirazçılardır. İnternetdə yerləşdirilən videolarda Tehranın ətrafındakı morqlarda yüzlərlə cəsədin üzərində işgəncə və güllə yaraları izləri olduğu görünür.