BAKI, 30 dekabr. TELEQRAF

ABŞ Pəhləvi ailəsinin yenidən İranda hakimiyyətə qayıtmasını istəyir.

Teleqraf xəbər verir ki, bunu İranın “Bəsic” təşkilatı rəhbərinin müavini Qasım Qureyşi paytaxt Tehran və bölgələrdə etiraz aksiyaları zamanı Pəhləvilərin ölkə və hakimiyyətə qayıdışı ilə bağlı şüarların səsləndirilməsi barədə danışarkən bildirib.

“ABŞ-nin niyyətlərindən biri də İran xalqının yolunu bağladığı hakimiyyəti yenidən davam etdirmək istəyidir”, - o deyib.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi də sosial media hesabında baş verənlərdən yazıb:

“Bazarlar və küçələri əllərinə alanlara salamlar. Bu rejim hakimiyyətdə olduğu müddətcə ölkənin iqtisadi vəziyyəti pisləşməyə davam edəcək. Bu gün daha böyük həmrəylik vaxtıdır. Cəmiyyətin bütün təbəqələrini küçələrdə həmvətənlərinizə qoşulmağa və bu rejimin getməsini tələb etməyə çağırıram”.

Rza Pəhləvi İranın təhlükəsizlik və hüquq-mühafizə orqanların da müraciət edib: “Bu rejim çökür. Xalqa qarşı durmayın, ona qoşulun”.

Xatırladaq ki, 1979-cu ildə İranda baş vermiş dövlət çevrilişi nəticəsində şah Məhəmmədrza Pəhləvi Ruhullah Xomeyninin rəhbərlik etdiyi qüvvələr tərəfindən devrilib. Şahın oğlu Rza Pəhləvi ailənin varisi hesab olunur. O, anası Fərəh Pəhləvi ilə birlikdə Vaşinqtonda yaşayır.