BAKI, 8 dekabr. TELEQRAF
Suriya Prezidenti Əhməd Şaraa bu gün səhər paytaxt Dəməşqdəki Əməvi məscidində olub və sübh namazı qılıb. Onun tarixi məscidə gəlişi keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsinin ildönümünü qeyd edən çoxsaylı vətəndaşın iştirakı ilə müşayiət olunub.
Teleqraf xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.
Şaraa ictimaiyyətin qarşısına Əsəd qüvvələrinə qarşı hərbi əməliyyatlara rəhbərlik etdiyi dövrdə geyindiyi hərbi forma ilə çıxıb. Suriya lideri Əməvi məscidinin minbərindən çıxış edərək, ölkəni şimaldan cənuba qədər qorumağa davam edəcəyini vurğulayıb.
“Allahın izni ilə şimaldan cənuba, şərqdən qərbə qədər onun keçmişi və bu gününə yaraşan bir quruculuq işi ilə Suriyanı yenidən güclü edəcəyik. Suriya qədim sivilizasiyasına layiq bir dirçəliş yaşayacaq. Bu ölkəni Allahın əmrlərinə itaətlə, məzlumlara dəstək olmaqla və insanlar arasında ədaləti bərqərar etməklə yenidən quracağıq. Allahdan bu ölkəni qorumasını, bizə ona xidmət etmək və yenidən qurmaq üçün güc verməsini, Suriya xalqına xidmət yolunda bizə yardım etməsini diləyirik”, - o qeyd edib.

Əhməd Şaraa Səudiyyə Ərəbistanının Bəşər Əsəd rejiminin devrilməsinin bir illiyi münasibətilə verdiyi hədiyyəni də açıqlayıb.
“(Bəşər Əsədin devrilməsindən sonra) Səudiyyə Ərəbistanına ilk səfərimiz zamanı şahzadə Məhəmməd bin Salman bizi Kəbə örtüyünün bir parçası olan bir hədiyyə ilə şərəfləndirdi. Onu Əməvi məscidində saxlayırıq”, - dövlət başçısı deyib.

Dekabrın 8-də suriyalılar Bəşər Əsəd və onun avtoritar hakimiyyətinin devrilməsinin birinci ildönümünü qeyd edirlər. Təkcə Dəməşq yox, bir neçə gündür Suriyanın digər bölgələrində də bayram tədbirləri keçirilir.
atırladaq ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də Əhməd Şaraanın rəhbərlik etdiyi qüvvələrin Dəməşqə nəzarəti ələ keçirməsindən sonra Suriyanı tərk edərək Rusiyaya qaçıb. Bu, 13 ildən çox davam edən, onun hakimiyyətinə qarşı üsyanla başlayan müharibənin sonunda baş verib.