BAKI, 6 dekabr. TELEQRAF

“Qəzza zolağı üçün yaradılması müzakirə olunan beynəlxalq sabitləşdirmə qüvvələrinin əsas vəzifəsi fələstinlilərlə israillilər arasında sərhəd yaratmaqdır”.

Teleqraf xəbər verir ki, bunu bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Qəzzada sülhün bərqərar olunması üzrə davam edən səylərə töhfə verməyə davam edəcəyik. Beynəlxalq sabitləşdirmə qüvvələrinə gəlincə, hazırda bu strukturu necə formalaşdırmaq, onların konkret tapşırıq və qarşılıqlı fəaliyyət qaydalarının necə olacağı barədə geniş müzakirələr aparılır. Hesab edirəm ki, bu qüvvələrin missiyası müəyyən olunarkən real şərtləri nəzərə almalı və daha realist yanaşmalıyıq. Qüvvələrin yerləşdirilməsi zamanı bizim ilk vəzifəmiz fələstinlilərlə israilliləri sərhəd üzrə bir-birindən ayırmaq olmalıdır”, - o bildirib.

Hakan Fidanın sözlərinə görə, missiyanın bu hissəsi həyata keçirildikdən sonra digər məsələlərlə məşğul olmaq mümkün olacaq:

“Bu missiyanın görəcəyi bütün işlər digər strukturların fəaliyyəti ilə əlaqələndiriləcək. Bundan əlavə, Fələstinin yerli administrasiyası və sülh məsələləri üzrə şura olacaq. Güman edirik ki, bu qurumların hamısı koordinasiyalı şəkildə fəaliyyət göstərəcək”.

Türkiyə xarici işlər naziri əlavə edib ki, bu sistem az-çox qurulduqdan sonra beynəlxalq missiyadan real gözləntilərdən danışmaq mümkün olacaq:

“Hazırda isə sabitləşdirmə qüvvələrinin formalaşdırılması məsələsində böyük problemlər var. Bu problemlər hansı ölkələrin hansı miqyas və formada töhfə verəcəyi ilə bağlıdır”.