BAKI, 24 sentyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Fələstin xalqının soyqırımına son qoyulmasını və müstəqilliyinin tanınmasını tələb edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında bildirib.
“Biz fələstinlilərə qarşı soyqırımın dayandırılmasını və Beynəlxalq Cinayətlər Məhkəməsi tərəfindən beynəlxalq məhkəmə araşdırmasına başlanılmasını tələb edirik. Beynəlxalq ictimaiyyət bütün dünyanın gözü qarşısında baş verən insan faciəsinə biganə qalmamalıdır”, - prezident deyib.
Japarovun sözlərinə görə, Qırğızıstan zorakılıq və terrorizmin bütün formalarını, o cümlədən 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunü qətiyyətlə pisləyir: “Belə terrorçular ciddi şəkildə cəzalandırılmalıdır. Bununla belə, terrorizmlə mübarizə və terrorçuların məhv edilməsi üsullarının öz metodları və prosedurları var. Bu, istifadə edilməli olan üsullardır”.
Dövlət başçısı əlavə edib ki, Qırğızıstan Qətər və İrana raket zərbələri endirilməsinin də əleyhinədir. “Biz həmçinin Qətər və İrana edilən son raket zərbələrini pisləyirik, bu cür hücumlar müstəqil dövlətlərin suverenliyini pozur, regional sabitlik və təhlükəsizliyə təhdid yaradır və beynəlxalq hüquqa ziddir”.