BAKI, 7 avqust. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Aralıq dənizinin şərqində kabel çəkilişi əməliyyatı üçün verilən “Navtex”in ölkənin qitə şelfini də əhatə etməsi barədə açıqlama yayıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk brifinqdə bildirib.
“Beynəlxalq hüquqa görə, bizim kontinental şelfimizdə kabel-boru çəkilişi və ya elmi tədqiqat kimi fəaliyyətlər sahilyanı dövlət olan ölkəmizlə əvvəlcədən razılaşdırılmalıdır. Bu qaydaya uyğun olaraq, biz həmişə öz kontinental şelfimizdə icazəsiz fəaliyyətə icazə vermədən lazımi monitorinq və müşahidə aparırıq və ölkəmizi nəzərə almayan heç bir fəaliyyətə və ya layihəyə icazə vermirik.
Bu yanaşmaya uyğun olaraq, Cəbəllütariq bayraqlı FUGRO GAUSS gəmisi tərəfindən aparılan geofiziki tədqiqatlar üçün avqustun 5-də verilən elanda kontinental şelfimizin pozulduğu müəyyən edilib. Bunun ardınca Xarici İşlər Nazirliyi lazımi xəbərdarlıqları edib, nazirliyimiz isə “Navtex” verib. Bundan əlavə, lazımi ehtiyat tədbirlərinin görülməsi üçün hava və dəniz qüvvələrimiz bölgədə yerləşdirilib. Sözügedən gəminin fəaliyyəti yaxından izlənilir. Əgər kontinental şelfimizi pozmağa cəhd edərlərsə, yerdə müvafiq tədbirlər görüləcək”, - Z.Aktürk vurğulayıb.
Qeyd edək ki, “Navtex” potensial təhlükə, təhlükəsizlik və hava hesabatlarını və xəbərdarlıqları avtomatik olaraq orta tezlikdə gəmilərə ötürən beynəlxalq rabitə sistemidir.