BAKI, 20 iyul. TELEQRAF
İsrailin Qəzza sektoruna hücumları nəticəsində ötən gün ərzində azı 116 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı səhiyyə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərdən 38 nəfərinin Qəzza Humanitar Yardım Fondunun (GHF) yardım paylanma məntəqələrində ərzaq gözləyən şəxslər olub. Bildirilir ki, İsrail ordusu Qəzza sektorunun cənubunda yerləşən Xan Yunis və Rəfah şəhərlərində yerləşən iki GHF obyektinə atəş açıb.
BMT və insan hüquqları qrupları GHF obyektlərini “insan qəssabxanaları” və “ölüm tələləri” adlandırır. Beynəlxalq təşkilatların məlumatına görə, may ayının sonunda GHF fəaliyyətə başladığı vaxtdan etibarən Qəzzada humanitar yardım almağa çalışan təxminən 900 nəfər öldürülüb.