BAKI, 17 iyun. TELEQRAF

“İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ehtiyatlı olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

“İran Baş Qərargah rəisi postuna kimin təyin olunacağını hələ bilmirik. Mən tövsiyə edərdim ki, bu vəzifə kimə təklif olunsa, bunu diqqətlə nəzərdən keçirsin. Əgər müsbət cavab verərsə, ona son dərəcə ehtiyatlı olması tövsiyə olunur”, - nazir bildirib.

Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqiri iyunun 13-də İsrail Hərbi Hava Qüvvələrinin Tehrana hücumu zamanı həyatını itirib. General Əbdülrəhim Musəvi Baqirinin ölümündən sonra müvəqqəti olaraq onun yerinə təyin edilib.

Həmçinin bu gün İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Şadmani İsrailin hava hücumu zamanı öldürülüb. O, bu posta iyunun 13-də təyin olunmuşdu. Şadmanı bu vəzifədə həmin gün İsrail Hərbi Hava Qüvvələrinin hücumu zamanı öldürülən Qulaməli Rəşidi əvəzləmişdi.