BAKI, 13 iyun. TELEQRAF
“İsrail ABŞ-nin icazəsi və Vaşinqtonla koordinasiya olmadan İrana zərbə endirə bilməzdi”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bu təcavüz ABŞ ilə koordinasiya və onların yaşıl işığı olmadan mümkün olmazdı. ABŞ hökuməti sionist rejimin əsas dəstəkçisi kimi təcavüzün təhlükəli nəticələrinə görə məsuliyyət daşıyır. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, İranın qanuni özünümüdafiə və bu təcavüzə cavab vermək hüququ var”, - nazir bildirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.