BAKI, 10 iyun. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün hərbi variantı həyata keçirməkdə maraqlıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Netanyahu ABŞ Prezidenti Donald Trampı əmin edib ki, Tehran və Vaşinqton nüvə dosyesi ilə bağlı danışıqlar apararkən yəhudi dövləti İrana qarşı heç bir hərbi addım atmayacaq. Tramp bildirib ki, Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarını diplomatik yolla həll etmək ümidi ilə İrana hücum etmək istəmir.

Portalın mənbələri deyirlər ki, iyunun 8-də Tramp Kemp-Devid şəhərindəki iqamətgahında İran və İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatla bağlı strateji toplantı keçirib. İclasda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Milli Kəşfiyyat Xidmətinin direktoru Tulsi Qabbard, eləcə də bir sıra hərbi qulluqçular və rəsmilər iştirak ediblər.

“Görüş bütün yüksək səviyyəli administrasiya rəsmilərinə bu məsələləri geniş müzakirə etməyə imkan verib”, - mənbə “Axios”a söyləyib.

Mənbə əlavə edib ki, Tramp İranın nüvə proqramı ətrafındakı böhranı və Qəzza zolağındakı münaqişəni bir-biri ilə əlaqəli hesab edir.