BAKI, 22 may. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtonda iki israilli diplomatın öldürülməsindən sonra ölkəsinin bütün diplomatik nümayəndəliklərində təhlükəsizliyin artırılması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, o, ABŞ-nin paytaxtında baş verənlərdən danışaraq, faciənin İsrailə qarşı təhrikin nəticəsi və antisemitizmin növbəti təzahürü olduğunu deyib.

“Mən İsrailin dünya üzrə nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də dövlət nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün əmr vermişəm”, - baş nazir bildirib.

Həmçinin Benyamin Netanyahu qeyd edib:

“Biz antisemitizmin və İsrailə qarşı vəhşi təhrikin dəhşətli nəticələrinin şahidi oluruq. İsrailə atılan qanlı böhtanlar qan axıdır, onlara qarşı sona qədər mübarizə aparılmalıdır”.