BAKI, 26 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlaşdırılan səfəri hökumətin regional və qonşuluq diplomatiyası sahəsində atdığı mühüm addım kimi qiymətləndirilməlidir.

Teleqraf xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani deyib.

“Bəzən Tehran və Bakı arasında siyasi və təhlükəsizlik baxımından dəyişkənliklər yaşansa da, bu səfər əlaqələrin daim zəngin tarixi və mədəni ortaq dəyərlərlə möhkəmləndiyi bir dövrdə baş tutur. Coğrafi yaxınlıqla yanaşı, İran və Azərbaycan arasında dərin qohumluq və ictimai oxşarlıqlar mövcuddur. Bu da ikitərəfli münasibətləri formal əlaqələrin çox kənarına çıxararaq, qarşılıqlı etimada əsaslanan bir qohumluq bağlarına çevirir. Bu səfərin əsas əhəmiyyətli tərəflərindən biri də İranın balanslaşdırılmış xarici siyasəti çərçivəsində qiymətləndirilməlidir. Həmin siyasət həm qonşu və regional ölkələrlə münasibətlərin gücləndirilməsini, həm də dünya ölkələri ilə əlaqələrin genişləndirilməsini prioritet sayır”, - İran rəsmisi bildirib.

Xatırladaq ki, İran Prezidentinin Azərbaycana səfəri aprelin 28-nə nəzərdə tutulub.