BAKI, 8 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranla birbaşa danışıqlar barədə açıqlaması Tehran rəsmilərini təəccübləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika mediasına istinadla IRNA yazır.

Donald Tramp dünən axşam Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqların aparılacağını açıqlayıb.

Amerika liderinin bəyanatından sonra CNN məlumatlı mənbələrə istinadla bildirib ki, ABŞ rəsmiləri şənbə günü Omanın ev sahibliyi edəcəyi görüşdə iranlı həmkarları ilə Tehranla nüvə sazişini müzakirə edəcəklər.

Görüşdə Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyi açıqlanan Trampın xüsusi elçisi Stiven Uitkoff bundan əvvəl söyləmişdi ki, Tramp Tehranla silahlı münaqişənin qarşısını almağa çalışır. Həmçinin o, ABŞ prezidentinin İranın ali dini rəhbəri Əli Xameneyiyə yazdığı məktubun təhdid məqsədi daşımadığını iddia etmişdi. Amma “Axios”a görə, Trampın məktubunda yeni nüvə sazişi üçün İrana iki aylıq vaxt verib.

“Washington Post” qəzeti məlumatlı mənbəyə istinadla yazır ki, İran rəsmiləri Donald Trampın dünən axşamkı açıqlamalarından təəccübləniblər. Nəşr görüş və burada müzakirə olunacaq məsələlərlə bağlı məlumatların kifayət qədər məhdud olduğunu qeyd edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hyuitt də danışıqlarla bağlı əlavə məlumat verməkdən imtina edib və Trampın açıqlamasına istinad edib.

Qeyd edək ki, aprelin əvvəlindən Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artıran və İranı nüvə obyektlərini vurmaqla hədələyən ABŞ prezidentinin son mesajı hələlik qarşıdurma ehtimalını arxa plana atmış kimi görünür. Tehran isə mövcud şərtlər altında Vaşinqtonla danışıqlara getməyəcəyini bəyan etmişdi. Amma İran xarici işlər naziri Abbas Əraqçi Trampın açıqlamasından dərhal sonra görüşün baş tutacağını təsdiqlədi. Görünən budur ki, təhdidlərin ciddiliyini nəzərə alan İran ABŞ ilə qarşıdurmadan yayınmaq üçün danışıqlar yolunu seçib. Qarşıda gözlənilən müzakirələrin hansı nəticələri verə biləcəyi həftəsonu Omanda baş tutacaq ilk təmaslardan sonra bəlli ola bilər.