Sabunçu rayon Polis İdarəsi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. İdarədən Teleqraf.com-a verilən məlumata görə, Çevik Polis Alayının əməkdaşları polis idarəsinə gətirilib. İdarənin ətrafına xeyli sayda texnika yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Səhlab Bağırov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və Çevik Polis Alayının komandiri polis idarəsindədirlər.

İdarədən bildiriblər ki, Nardaran qəsəbəsində silahlı şəxslərin həbs edilməsi üçün əməliyyat tədbirləri davam edir.

Qeyd edək ki, bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində özünü “Müsəlman birliyi hərəkatı” adlandıran təşkilatın rəhbəri Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Əməliyyat zamanı baş verən silahlı insidentdə idarənin 2 əməkdaşı güllələnərək öldürülüb. 10-dan çox yaralı var. Yaralılar arasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəsi müavini Sadiq Heydərov da var. Əməliyyat zamanı çoxlu sayda silahlı şəxs həbs edilib.

Hacı Zeynalov