BAKI, 18 aprel. TELEQRAF

Külli miqdarda narkotik vasitələrin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Teleqraf xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə satış məqsədilə ölkə ərazisinə keçirilmiş xeyli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.

“Metadon” M-40 həbləri və qurudulmuş marixuananı cari ilin 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu həbs edilib. Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb. DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.