BAKI, 18 aprel. TELEQRAF
Kiyevdə insanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında məlumat verib.
"Kiyevdə atıcı həbs olunarkən zərərsizləşdirilib. Xüsusi təyinatlılar hücumçunun olduğu mağazaya basqın ediblər", - deyə o yazıb.
Klimenko hücum edən şəxsin insanları girov götürdüyünü, polis əməkdaşlarına atəş açdığını və onunla danışıqların nəticəsiz qaldığını bildirib.
Nazirin sözlərinə görə, 1968-ci il təvəllüdlü, ehtimal ki, təqaüdçü olan kişi hadisə yerinin yaxınlığında yaşayıb.
"Atəş açan şəxs heç bir tələb irəli sürməyib. Onunla 40 dəqiqə danışıq aparılıb. Amma o, cavab verməyib. Bir girovu vurduqdan sonra onu məhv etmək əmri verilib", - deyə Klimenko bildirib.
İlkin məlumatlara görə, atışma nəticəsində 6 nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.