BAKI, 28 aprel. TELEQRAF

Yunanıstan polisi Patras şəhərində bu səhər Sosial Sığorta Fondunda və Afina Apelyasiya Məhkəməsində ov tüfəngi ilə beş nəfəri yaralayan 89 yaşlı kişini saxlayıb.

Teleqraf xəbər verir ki, kişi təxminən altı saatlıq axtarışdan sonra Patras avtobus stansiyasının yaxınlığındakı oteldə ələ keçib. Onun üzərində 38 kalibrli güllə ilə dolu revolver olub.

Kişinin qardaşı qızı polis tərəfindən yayımlanan fotoşəkildə əmisini tanıyıb və aidiyyəti qurumlara məlumat verib. Qadının sözlərinə görə, əmisi əvvəllər pensiyasının ödənilməməsindən narazılıq edib. Kişi dəfələrlə dövlət qurumlarını və məhkəmə sistemini pensiya ödənişlərini gecikdirməkdə günahlandırıb.

Televiziya kanalının məlumatına görə, kişi əvvəllər qanuni olaraq silaha sahib olub. Daha sonra onun bu hüququ ləğv edilib və dövlət psixiatriya xəstəxanasına göndərildikdən sonra silah hakimiyyət orqanları tərəfindən müsadirə edilib.

Qeyd edək ki, bu gün səhər 89 yaşlı kişi Sosial Sığorta Fondunda və Afina Apelyasiya Məhkəməsində beş nəfəri yaralayıb. Şahidlərin sözlərinə görə, o, dördüncü mərtəbəyə qalxıb və tavana atəş açıb, sonra isə bir işçini ayağından yaralayıb. Daha sonra qoca Afina Apelyasiya Məhkəməsinə gedib və orada dörd qadın katibəni güllələyib.

Yaralılar yüngül xəsarətlər alıblar. Silahlı şəxs ov tüfəngini hadisə yerində qoyaraq qaçıb. O, Afinadan 200 km aralıda yerləşən Patrasda həbs edilib.