Məhkəmə prokurorluğun protestini təmin etdi
Oğurluqda təqsirli bilinən Salyan şəhər sakinləri - 1996-cı il təvəllüdlü Ağahüseyn Quliyev, 1997-ci il təvəllüdlü Şəhriyar Əliyevin cinayət işi üzrə proses başa çatıb.
İttihama görə, Ağahüseyn Quliyev ötən il fevralın 6-da saat 22.00-da Salyan şəhərindəki Xəlil Rza Ulutürk küçəsində yerləşən kompüter avadanlıqları mağazasına girib. O, mağazadan birinin qiyməti 25 manat olan 2 kompüter modemi, qiyməti 50 manat olan “LG” markalı 1 DVD pleyer, hər birinin qiyməti 5 manat olan 50 yaddaş kartı, 15 manat olan 4 səsucaldan, 15 manat olan 3 qulaqlıq, 50 qəpik olan 80 kompüter diski, 5 manata olan 8 mobil telefon adapterini aparıb.
Həmin il aprelin 8-də saat 21.00-da o, Şəhriyar Əliyevə pul vəd edərək əməlinə ortaq edib. Onlar üzlərinə maska taxıblar və bıçaqla silahlanaraq Emin Rəhimova məxsus ərzaq mağazasının yaxınlığına gəliblər.
Şəhriyar Əliyev gələn olsa, xəbər vermək üçün mağazanın qarşısında gözləyib, Ağahüseyn Quliyev isə mağazaya girərək satıcı işləyən Elçin Manafovu zorakılıq tətbiq ediləcəyi, öldürəcəyi ilə hədələyib. Ağahüseyn satıcıdan pul tələb edib. Elçin Manafov onun bu tələbindən imtina edib. Satıcını vuran Ağahüseyn Quliyev piştaxtanın üstündə karton qutuda olan 145 manatı götürüb.
Daha sonra Ağahüseyn Quliyevlə Şəhriyar Əliyev Salyan şəhərində Xəlil Rza Ulutürk küçəsi, 3 nömrəli evin qapısının açıq olmasından istifadə edərək, içəri giriblər. Ev sahibi Xalidə Hacıyeva onları gördüyü üçün qaçaraq həyəti tərk edib. Beləliklə, onların bu cinayət əməlləri baş tutmayıb.
Ağahüseyn Quliyev və Şəhriyar Əliyevin sonuncu cinayətləri aprelin 22-də olub. Onlar həmin gün, gecə saat 04.00-da Salyan rayonu, Qalalı qəsəbəsində yerləşən Məhəmməd Əliyevə məxsus ərzaq mağazasından 60 manat oğurlayıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluğa cəhd etmək), 181.2.1, 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağahüseyn Quliyev 9 il 6 ay, Şəhriyar Əliyev isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Şəhriyar Əliyevin barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbsə alınıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib. Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti veriblər. Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Prosesdə çıxış edən dövlət ittihamçısı Ədalət Əzimov bildirib ki, Şəhriyar Əliyev oğurluğa cəhd, oğurluq cinayətinin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcud olmayıb: “Konkret halda iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı Şəhriyar Əliyev həmin cinayətlərin törədilməsində yetkinlik yaşına çatmayan olsa da, qrupun digər iştirakçısı Ağahüseyn Quliyevin cinayətkar əməllərinin üstünün açılmasına fəal kömək etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqindən bəhs oluna bilməzdi. Məhkəmə Şəhriyar Əliyevin yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını, eyni zamanda Ağahüseyn Quliyev tərəfindən cinayətkar fəaliyyətə cəlb edilməsini onun barəsində yüngülləşdirici hal kimi qiymətləndirib”.
Dövlət ittihamçısının sözlərinə görə, məhkəmə Şəhriyar Əliyevin yetkinlik yaşına çatmayan olmasını müstəsna hal kimi nəzərə alıb: “Halbuki Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, hətta 14 yaşı tamam olmuş və quldurluq cinayəti törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə azadlıqdan məhrum edilir.
Məhkəmə Şəhriyar Əliyevin əvvəllər məhkum olunmamasını, yəni ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərin törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Cinayəti hadisələrin təsadüfi axarı zəminində törədən şəxs əməlin törədilməsi zamanı çıxılmaz vəziyyətin nəticəsində müəyyən hərəkətlər edir. Qeyd olunan normanın tələbinə əsasən Şəhriyar Əliyevin törətdiyi quldurluq cinayətinin ağır cinayətlər kateqoriyasına aid olması, birbaşa qəsdlə törədilməsi, basqın edilən andan başa çatması, həmin cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilməsinin arzu olunması cəza təyini zamanı onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha az cəza təyin edilməsi üçün ilk məhkumluğu məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə ala bilməz".
Ədalət Əzimov bildirib ki, məhkəmə Şəhriyar Əliyevin cinayətkar fəaliyyətə Ağahüseyn Quliyev tərəfindən cəlb edilməsini, cinayət əməllərini Ağahüseyn Quliyevin təsiri altında törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb.
Prokuror çıxışının sonunda Şəhriyar Əliyevin cəzasının ağırlaşdırılmasını və onu ittiham olunduğu maddələr üzrə cəzalandırılmasını istəyib.
Şəhriyar Əliyevin qanuni nümayəndəsi Zaur Əliyev bildirib ki, oğlu cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmadığından dostu Ağahüseyn Quliyevin təsiri altında olub: “Oğlum etdiyi əməllərin nəticəsini anlamayıb, heç bir silahdan istifadə etməyib. Buna görə də, yetkinlik yaşına çatmamasını, dostunun təsiri altına düşməsini, özünün isə əlil olmasını nəzərə alaraq Şəhriyar Əliyevə təyin olunmuş cəzanın şərti tətbiq edilməsini və ya cərimə cəzası təyin edilməsini xahiş edirəm”.
Ağahüseyn Quliyevin müdafiəçisi Kənan Abdurrəhmanov çıxışında müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Tərəfləri dinləyən hakimlər sonda prokurorluğun protestinin təmin edilməsi ilə bağlı qərar açıqlayıblar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Şəhriyar Əliyevin cəzası 8 il 5 ay 28 gün müddətinə qədər artırılıb.
Hacı Zeynalov