Bakı Apelyasiya Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşməkdə təqsirli bilinən Elxan Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Elxan Mustafayevin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Mustafayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elxan Mustafayev apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Elxan Mustafayev tutulub.

Müəyyən edilib ki, Elxan Mustafayev 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib.

Hacı Zeynalov