BAKI, 11 sentyabr. TELEQRAF
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ceyhunə Fərəcova ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxsləri tanıyır və qəbullarında ilk dəfə 2023-cü ildə olub:
"Onları birinci dəfə “Tik-Tok” platformasında gördüm. Qəbullarına yazıldım. Ora gedəndə məni Murad qarşıladı. Xəyalə İsmayılovanın yanına apardı. Ona gözümün üstünə gül vurmaq istədiyimi dedim. Onunla razılaşdıq. Sonra 400 manat ödəniş etdim. Dedi ki, bir nəfər var onu yola saldıqdan sonra mənim işimi görəcək. Xəyalə İsmayılova ilə Rəsmiyə Quliyeva məni əməliyyat etdi. Əməliyyatdan sonra dedilər ki, gözlə dərman yoxdur. Dəhlizdə onları gözlədim. Gecə saat təxminən 11-də Murad dərman gətirdi. Onu bir otaqda qaynatdılar, qoxusu da yayılmışdı. Dərmanı mənə vuranda getmirdi, ağrıdırdı. Onlara vurulmasını istəmədiyimi dedim, amma onlar Muradı çağırdı, o da dərmanı vurdu. İynə vurulduqdan sonra evə getdim. Səhər qızdırmam qalxmışdı. Həkimə zəng etdim olanları dedim mənə bunun normal olduğunu dedi. Bu iki həftə davam etdi. Mən yenidən ora getdim. Qəbul üçün yenidən ödəniş etdim. Dedilər ki, düzələcək. Həmin gün bəlkə mənə 60 yaxın iynə vuruldu. Həmin əməliyyatın fəsadlarını indi də çəkirəm. Səhhətimdə problem var. Ağrılarımla bağlı başqa həkimə getdim. Mənə dedilər ki, “Hipatet C” virusuna yoluxmuşam. Bir neçə həkim qəbuluna getdim. Dedilər 30-40 min əməliyyat üçün ödəniş edilməlidir. Müalicəyə gəldikdə isə hansı həkimin müalicəsi zamanı yoluxubsa, ora get dedilər.
Növbəti məhkəmənin senytabrın 29-na təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxslərin ali və orta tibb təhsili yoxdur. Onlar qanunsuz olaraq “Uğur 777” adı altında estetik əməliyyat mərkəzi yaradıb. Eyni zamanda orada fəaliyyət göstəriblər. Belə ki, mərkəzə estetik əməliyyat üçün müraciət edən Ləman Nəbiyevadan 600 manat ödəniş alınıb. Lakin qüsurlu əməliyyat keçirilib.
Həmçinin Ceyhunə Fərəcova əməliyyat üçün 2400 manat ödəniş edib. Qüsurlu əməliyyat həyata keçirilib. Eyni zamanda zərərçəkmiş Hepatit C virusuna yoluxub.
Daha sonra Ləman Əhmədli 501 manat ödəniş edib və qüsurlu əməliyyat həyata keçirilib. Tamara Səlimova qaş korreksiyası proseduru üçün müraciət edib 650 manat, Şamama Quliyeva da həmin proses üzrə 600 manat ödəniş edib. Hər iki əməliyyat uğursuz keçib.
İttihama münasibət bildirən hər üç təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Qeyd edək ki, bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan, “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət edilmədən tibbi prosedur adı altında müxtəlif estetik əməliyyat və kosmetoloji prosedurların icra olunması nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.
Toplanmış sübutlar əsasında Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda, Xəyalə İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilib.