Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərovun daha bir vəkillə müqavilə bağlıdığı məlum olub.

Həmçinin cinayət işi üzrə adı şahid qismində keçən “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevin səhhətində yaranmış problemlərlə bağlı məhkəməyə gəlmədiyi qeyd olunub.

Daha sonra zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə şahidlərin dindirilməsi başlanıb.

Məlumat üçün bildirək ki, Vüsal Ələkbərov MTN-nin digər vəzifəli şəxsləri ilə birləşərək, Akif Qurbanovu həbs etmək adıyla şantaj ediblər və ondan 1 milyon dollar alıblar.

İlk olaraq zərərçəkmişin oğlu Vüqar Qurbanov ifadə verib. O bildirib ki, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını deyib: “Atam məndən soruşdu ki, MTN-lə bağlı problemin var? Dedim ki, heç bir problemim yoxdur. Sonra telefonu söndürdü. Axşam yenidən başqa bir nömrə ilə mənə zəng etdi və MTN əməkdaşları tərəfindən saxlandığını, sərbəst buraxılması üçün pul istənildiyini bildirdi. Soruşdum ki, nə məsələdir? Dedi, Etibar Əliyevlə münasibəti olub, tikinti işləri görüblər, yeyib-dağıdıblar. Atamı belə ittiham ediblər. Bundan sonra atamın ölkədən çıxışına “Stop” qoyulduğunu bildiriblər, sərbəst buraxıblar”.

Vüqar Qurbanovun sözlərinə görə, sərbəst buraxılandan sonra atası ölkəni tərk edib: “Bir neçə gün sonra MTN-dən Vüsal Ələkbərov zəng vurdu, atamın harada olduğunu soruşdu. Ona atamın xaricə getdiyini dedim. Vüsal məni MTN-ə çağırdı.

O, MTN-də mənə hədə-qorxu gəlməyə başladı, atam gəlməsə, məni həbs edəcəyini bildirdi. Soruşdum ki, atamla nə işiniz var, dedi, özü bilir. Bundan sonra 2-3 dəfə məni MTN-ə çağırdılar. Amma məndən nə izahat, nə də ifadə aldılar. Hər dəfə məni axşama kimi NTN-də saxladılar”.

Vüqar Qurbanov qeyd edib ki, bir neçə aydan sonra atasının ölkəyə girişinə və çıxışına qoyulan "Stop" götürülüb: “Bundan sonra atam ölkəyə qayıtdı. Vüsalla görüşdü, bir milyon dolları toplayaraq Vüsal Ələkbərova verdi”.

Vüqar Qurbanov bildirib ki, 2013-cü ilin yanvar ayının axırlarında özlərinə məxsus “Briz-L” klinikasının yanında 1 milyon dolları Vüsal Ələkbərova verib: “Həmin vaxt Vüsalın hansı maşınla ora gəldiyini xatırlamıram. Pul mənim maşınımda idi, maşınımdan götürüb, Vüsalın idarə etdiyi maşına qoydum. Həmin vaxt atam pulu toplamaq üçün əmimə və yeznəmizə müraciət etdi. Əmim Münasibdən 300 min manat, yeznəm Emindən 200 min manat aldı. Mənimlə birlikdə tikdirdiyimiz binaların satışından əldə olunan 200 min manatı da verdim. Qalan pulu atam özü düzəltdi”.

Şahid daha sonra bildirib ki, onların Etibar Əliyevlə hər hansı əlaqələri olmayıb: “Biz bankdan iş görmək üçün kredit götürmüşük. Bundan sonra problem yaranıb”.

Vüqar Quliyev qeyd edib ki, uzun illər polisdə işləyib, sonuncu iş yeri 13-cü polis bölməsinin rəisi vəzifəsi olub: “2013-cü ildə öz ərizəmlə polis orqanlarından xaric olunmuşam. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram”.

İstintaqa verdiyi ifadəsini təsdiqləyəndən sonra şahidə Vüsal Ələkbərovun vəkilləri sual verib. Bu zaman vəkillərdənm biri onun Vüsal Ələkbərova pul verən zaman polisdə işlədiyini, ağır cinayəti bilibbu barədə hüquq-mühafizə orqanlarına niyə müraciət etməməsi ilə maraqlanıb.

Şahid qeyd edib ki, Vüsal Ələkbərovun hərəkətlərindən heç yerə şikayət edilməyib: “O vaxtı MTN-dən böyük yer var idi? Oradan da bizi şantaj edirdilər, hədə-qorxu gəlirdilər. Biz hara müraciət etməliydik?”.

Bu zaman Vüsal Ələkbərovun daha bir vəkili şahidi hədə-qorxu yolu ilə pulun tələb edilməsinin ağır cinayət olduğunu, ağır cinayəti bilib gizlətməkdə ittiham edib.

Hakim Vüsal Ələkbərovun vəkilinin şahidə belə sual verməsinə etiraz edib: “Bu şəxsi MTN-ə çağırıb, hədə-qorxu gəliblər, günlərlə orada saxlayıblar. Amma iş üzrə zərərçəkmiş şəxs qismində yox, şahid qismində tanınıb. Əslində isə zərərçəkmiş şəxs qismində tanınmalı idi. Biz çox məsələnin üstündən keçirik. Amma Vüsal Ələkbərovun vəkilləri şahidlərə belə suallar verməklə, müdafiə etdikləri şəxsin ittihamını ağırlaşdırılar. Bu şahid zərərçəkmiş şəxs qismində tanınmalı idi, burada da Vüsal Ələkbərova qarşı mülki iddia qaldırmalı idi”.

Hakimin çıxışından sonra şahid Vüqar Qurbanov Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayevin tanıdığını, onun xidməti otağında olduğunu bildirib. Qeyd edib ki, nazirliyə çağırılan zaman onu MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev qəbul etməli idi: “Amma qəbul etmədi, bunu işlərinin çox olması ilə izah etdi. Buna görə də Vüsal məni Təhsin Ağayevin xidməti otağına apardı. Orada məni Təhsin Ağayev dinləsə də, bir söz demədi. Məni otaqdan çıxarmağı tapşırdı”.

Sonra Akif Qurbanovun kürəkəni Emin Civişov bildirib ki, qayınatası MTN-in vəzifəli şəxsləri tərəfindən şantaj olunub və ondan külli miqdarda pul tələb olunub: “Bununla bağlı pul yığıblar, mən də 200 min manat vermişəm”.

Daha sonra zərərçəkmiş işadamı Hüseyn Səfərovun epizodu üzrə şahid qismində Oqtay Abuzərov ifadə verib.

Məlumat üçün bildirək ki, 2008-ci ildə Hüseyn Səfərov MTN tərəfindən qanunsuz olaraq həbs edilib və azadlığa buraxılması üçün ondan 2 milyon dollarını alıblar.

Oqtay Abuzərov qeyd edib ki, Hüseyn Səfərovun qızı Günayın həyat yoldaşı onun qohumu olub: “2008-ci ilin noyabr-dekabr ayları olardı. Hüseyn Səfərovun qızı bizə gəldi və dedi ki, atasını həbsdən azad etmək üçün 2 milyon dollar istəyirlər. O qədər pulları olmadığını, pulu toplamağa başladıqlarını dedi. Məndən də 100 min manat istədi. Ona həmin məbləğdə pulu verdim.

Sonra Günay yenə bizə gəldi və pul tam düzəlmədiyini, yenə də 30 min manat istədi. Ona deyilən məbləğdə pulu verdim. Bir neçə gündən sonra Hüseyn Səfərov azadlığa çıxdı. Mənə pulumun 80 min manatı qaytarıldı, amma qalan pulu qaytarmağa Hüseyn Səfərovun imkanı olmadı”.

Vüsal Ələkbərovun vəkillərinin havadan, sudan suallar verməsi Hüseyn Səfərovu hövsələdən çıxarıb: “Biz burada artıq heç nə istəmirik. Vəkillər şahidlərə məntiqsiz suallar verirlər. Onlar cinayətkarı müdafiə edirlər, bizim də pulumuzu versinlər”.

Vüsal Ələkbərov isə heç kəsdən pul almadığını, zərərçəkmişlər onun pul tələb etməsi barədə rəy formalaşdırdıqlarını deyib.

Hüseyn Səfərov isə Vüsal Ələkbərova belə cavab verib: “Vüsal Ələkbərov bizdən pulu MTN-də də alıb, küçədə də. Burada etiraf etmir, adamın kişiliyi olar, qüruru olar. Bunlar pulumuzu alıblar, indi deyirlər ki, pul almamışıq. Etibar Əliyev bura gəlsin. Onunla çox söz-söhbət açılacaq. Dövlət Sərhəd Xidmətinin hesabında olan 8-10 milyon manat vəsaiti bankda talayıblar. Sonra Etibar Əliyevlə Zal Yusifov bu işləri ortaya atdılar ki, dövlətdən mənimsənilən həmin pulu gizlətsinlər. Bu məsələ araşdırılmalıdır.

Mövlam Şıxəliyev niyə gizlənir, dövlətə xəyanət edib. Vüsal Ələkbərov hamıdan pul alıb, amma heç nəyi etiraf etmir. Akif Çovdarov bir az abırlıdır, bir neçə epizodu etiraf edir, onun şərəfi var. Amma bunlarda...”

Daha sonra Vüsal Ələkbərov həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. O, iddia edib ki, vəsatətlər versə də, onun heç bir vəsatəti təmin edilməyib və müdafiə hüququ pozulub.

Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, Vüsal Ələkbərovun bir çox vəkili var, həmin vəkillərin savadına şübhə oluna bilməz. Dövlət ittihamçısı Vüsal Ələkbərovun müdafiə hüququnun pozulmadığını deyib: “Onun müdafiə hüququnun pozulması ilə bağlı iddiası əsassızdır. Buna görə də vəsatəti təmin edilməsin”.

Zərərçəkmiş Namil Rzayev bildirib ki, Vüsal Ələkbərov aldığı pulları məhkəmədə etiraf etmir: “Onun pulları qaytarmaq fikri yoxdur. Buna görə də həbs qətimkan tədbirinin dəyişdirilməsinin əleyhinəyəm”.

Sonra Vüsal Ələkbərov başqa vəsatətlə çıxış edib. O, bildirib ki, cinayət işi üzrə istintaq orqanı qərəzli olub: “Bizdə konkret məlumatlar var ki, xeyrimizə ifadə verilib. Həmin ifadələr müstəntiq tərəfindən işə əlavə edilməyib. Buna görə də həmin ifadələrin istintaq orqanından tələb edilməsini istəyirik”.

Dövlət ittihamçısı bildirib ki, məhkəmədə konkret sübutlar üzrə araşdırma aparılır: “Vüsal Ələkbərov məhkəməyə şahidlərin siyahısını təqdim etməlidir. Bundan sonra həmin şahidlərin ifadəsi ilə bağlı qərar qəbul etmək olar. Biz bilmirik ki, hansı şahidlərin ifadəsi nəzərdə tutulub. Buna görə də vəsatət təmin edilməməlidir”.

Hakim Vüsal Ələkbərovun diqqətinə çatdırıb ki, məhkəmə ittiham çərçivəsində işə baxır və ittihamdan kənara çıxa bilməz.


Daha sonra prosesdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mehrac Qurbanovun epizodu üzrə şahidlərin dindirilməsi olub.

Məlumat üçün bildirək ki, Vüsal Ələkbərov həbs etmək hədə-qorxusu gələrək, Mehrac Qurbanovdan 200 min dollar alıb.

Heydər Qurbanov bildirib ki, 2008-ci ilin oktyabr-noyabr aylarında qardaşı Mehraca pul lazım olub: “Mən də mal-qaramı satdım, 10 min manat toplayaraq qardaşıma verdim”.

Digər şahid Kərim Tağıyev bildirib ki, dayısı oğlu Mehrac Qurbanovun 2008-ci ilin oktyabr-noyabr aykarında MTN əməkdaşları tərəfindən hədələnərək, pul tələb edilib: “Bu səbəbdən Mehrac məndən də pul istədi. Ona 18 min manat verdim. O, pulu düzlədərək MTN əməkdaşlarına verməsəydi, onu tutacaqdılar”.

Proses fevralın 23-də davam edəcək.

Hacı Zeynalov