Günün ikinci yarısında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Azintelekon” MMC-in baş direktoru olmuş Cəlil Cəfərov suallara cavabları davam etdirib.

O bildirib ki, nazirliyin maliyyə qurumları təsərrüfat hesablıdır: “Bu nazirlik ölkəyə valyuta ehtiyatı gətirib. Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Mənim direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, rəhbərliyin göstərişini icra edim. Mənə verilən tapşırıqları qanun çərçivəsində yerinə yetirmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, prezidenti olduğu voleybol klubunun sponsoru birbaşa Rabitə və Yüksək Texnologiya Nazirliyi olub: “Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri "Azintelekom" MMC-nin hesabına ödənilirdi. Nazirin göstərişi ilə hər ay Vidadi Zeynalovdan kluba görə 50 min manat alırdım. Sonradan data-sistemə görə əlavə 29 min manat da almışam. Vidadi Zeynalov da bunları təsdiq edə bilər.

Mən burda heç kimə qarşı ittiham irəli sürmürəm. Sadəcə olan şeyləri deyirəm. O pulları mənimsəsəydim, mənim də evim, bağım obyektlərim olardı. Ümumiyyətlə işimdə şübhəli nəsə olsaydı, birinci gündən bunları istintaqa deyərdim?”

Cəlil Cəfərov bildirib ki, dəfərlərlə voleybol komandasının işindən ayrılmaq istəyib: “Bununla bağlı cənab nazirə demişdim ki, 3 şöbə ver, voleybolu istəmirəm. Lakin icazə vermədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Cartburq NC” şirkəti ilə müqavilə bağlanıb, əməkdaşlıq edilməsi birbaşa Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun tapşırığı olub: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısını almağı, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Ona görə də “AKEY” tərkibində olan “Cartburq” MMC ilə işlədik. Həmin şirkət Ayaz Kərimovun idi. Hər ay onların işçisi Elmar Hüseynov gəlirdi, pulu gətirirdi. Ordan 50 mini klub üçün, 29 mini data-sistemə görə götürürdüm. Qalan 300 min dollar civarında pulu isə Vidadi Zeynalova verirdim”.

Xatırladaq ki, Ayaz Kərimov barəsində axtarış elan edilib. O, həm də sabiq nazir Eldar Mahmudovun oğlunun yaxın dostudur.

Prosesdə təqsirləndirilən şəxs, “Azərpoçt” MMC-in baş direktoru olmuş Qəmbər Bəybalayev də ifadə verib. O, ifadəsində bildirib ki, 20 ilə yaxın rabitə sahəsində çalışıb: "Burda oturanların arasında ən çox bu sahədə çalışan mənəm. Mən “Azərpoçt” rəhbərliyinə gələndə poçt sistemi çox bərbad vəziyyət idi. Əli Abbasov nazir təyin olunandan sonra poçt sistemi inkişaf etdi. Vidadi müəllim də buna öz tövhəsini verirdi. O zamanlar Əli Abbasova məndən şikayət eləmişdilər, araşdırıldı məlum oldu ki, mənim heç bir günahım olmayıb.

Təqsirləndirilən şəxs paket sisteminindən də danışıb: “Əli Abbasov bizə paket verilməsi bağlı təklif edəndə, mən buna razı olmadım. Xahiş etdim ki, maaşlarımızı qaldırın. O da mənim xahişimi yerinə yetiridi, mərkəzi aparatın maaaşını yüksəltdi. 300 manat alan mən 1300 manat almağa başladım.

Mənə 74 idarə rəisi tabe idi. Bir nəfər deyə bilməz ki, onlardan bir qəpik almışam. Onların özlərinə paket verilirdi. Bizim idarədən pullar aparılırdı. Yalnız mən heç bir zaman bu işə qarışmamışam.

Mənim milyonlarla pul mənimsəmədiyi deyilir. Əmlaklarıma baxsınlar. Qusarda çobanın 2 mərtəbəli evi var, mənimki isə 1 mərtəbəlidir. Fikirləşirdim ki, prokurorluq məni buraxacaq. Çünki heç vaxt mənimsəmədə iştirak etməmişəm”.

İttihama münasibət bildirən Qəmbər Bəybalayev qeyd edib ki, bölgələrdəki poçt xidmətinin bərpasına nazirlik və dövlət tərəfindən vəsait ayrılırdı: “Bu vəsait üzrə tender keçirilirdi. Qaliblərlə müqavilələr bağlanırdı. Mən bütün işimi qanun çərcivəsində aparmışam”.

Proses dekabrın 7-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namazalı Məmmədov ifadə verib.

O deyib ki, 1984-cü ildən rabitə sahəsində işləyir, 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Vergini vaxtında ödəyib, qanunsuzğluğa yol verməyib.

Bildirib ki, istintaq orqanı tenderlərin keçirilməsi qiymətlərini şişirdib: "Mənim şirkətimin "Aztelekom"dan 16 milyon alacağı olub. İstintaq orqanı mənə 4 milyon manatlıq mənimsəmə ittihamı verib. Həmin 16 milyon manatı götürün, verilən ittihamı silin. Mən nədə ittiham olunduğumu bilmirəm, niyə həbs edilmişəm, bunu da başa düşmürəm".

Hakim bildirib ki, ona 4 milyon yox, 12 milyon manatlıq mənimsəmə ittihamı verilib: "Biz bunu araşdırırıq".

Təqsirləndirilən şəxs daha sonra dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs qeyd edib ki, Vidadi Zeynalova pul verməyib: "Mən belə ifadə verməmişəm, əgər ifadə varsa, həmin ifadəni təkzib edirəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, "Optik Qurğular" İdarəsi ilə "Aztelekom" arasında 44 milyon manatlıq işin görülməsi ilə bağlı sənıdləşmə olub: "7 il ərzində 19 milyon manat almışıq".

Daha sonra “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov ifadə verib, özünü təqsirli bilməyib və heç bir cinayət törətmədiyini deyib. Bildirib ki, nazir tərəfindən paket formasında təyin edilmiş əməkhaqqı alıb.

Cəlil Cəfərov qeyd edib ki, 2004-cü ildə Naxçıvanda optik rabitəni həyata keçiriblər. Naxçıvanın blokada vəziyyətində oıduğunu deyən Cəlil Cəfərov əlavə edib ki, ona İranda rabitə sahəsində yüksək vəzifədə çalışan dostu kömək edib: "Həmin vaxt nə "Azercell"in, nə də "Bakcell"in İranda rouminqi vardı. Amma biz bunu optik rabitə sayəsində İran vasitəsi ilə etmişik".

Təqsirləndirilən şəxs bildirib ki, beynəlxalq rabitənin qurulmasında heç bir qanunsuzluğa yol verilməyib.

Cəlil Cəfərovun sözlərinə görə, ittiham aktında qeyd edilib ki, "Rostelekom" guya daha aşağı qiymətlər təklif edib: "Orada cinayətkarlıq baş alıb gedirdi, bunu MTN də araşdırmışdı. Mağazalara pulsuz aparat verirdilər ki, guya wi-fi gücləndirilir. Həmin aparatları açanda qapaqda xüsusi hissə vardı, orada mobil nömrə yerləşdirdilər. Yəni, mini mobil operator yaradırdılar. Sonra onun üzərindən insanlara zəng edirdilər. Həmin vaxt insanlara beynəlxalq nömrələrdən zəng gəlirdi, araşdıranda görünürdü ki, yerli nömrədir. Onlar elə peşəkar oğurluq edirdi ki, heç qeydiyyata da düşmürdülər. Biz bunlarla mübarizə aparırdıq".

Cəlil Cəfərov əlavə edib ki, ona və işçilərinə hər ay 300 min manat vəsait ayrılıb: "Bu da paket vasitəsi ilə verilib. Aparat rəhbəri də, digərləri də paket alıb".

Təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana gələn gizli zənglərlə bağlı MTN onu sıxışdırb: "Bu da onların işi idi, dövlətçilik məsələsiydi. Həmin zəngləri müəyyən etmək olmurdu. Bəlkə zəng terorrçuya aiddir? Bundan sonra MTN ilə birgə işləmək barədə razılıq əldə etdik".

Cəlil Cəfərov bildirib ki, nazirliyin rəhbərliyinin göstərişi ilə işləyib, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib.

O deyib ki, Vidadi Zeynalova bir qəpik də verməyib: "Mən heç bir mütəşəkkil dəstənin tərkibində olmamışam. Paketdə aldığım pullar isə əməkhaqqım idi. Mən bəraət istəyirəm".

Tərəflərin suallarını cavablandıran Cəlil Cəfərov qeyd edib ki, onu "Aztelekom" MMC-yə sabiq nazir Əli Abbasov təyin edib, əməkhaqqısı 900-1000 manat olub. Əlavə hər ay aldığı 50 min manatın mənbəyi ilə maraqlanmayıb: "Rəhbərə bununla bağlı sual vermək ixtiyarım olmayıb. Həmin pullar əlavə xərclərə xərcləmişik".

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov