BAKI, 3 avqust. TELEQRAF

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Attaşeliyi fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, ofisin açılış mərasimində BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl-Bluşi və bir sıra yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Yeni ofisin fəaliyyətə başlaması BƏƏ ilə Azərbaycan arasında müdafiə və hərbi sahələrdə işbirliyini gücləndirmək, eləcə də müxtəlif istiqamətlərdə ikitərəfli tərəfdaşlığı möhkəmləndirmək məqsədi daşıyır.

Diplomat bildirib ki, Hərbi Attaşeliyin açılması BƏƏ-nin Azərbaycanla strateji əlaqələri inkişaf etdirməyə böyük önəm verdiyini göstərir:

"Bu addım hər iki dost ölkənin ortaq maraqlarına xidmət edəcək və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaq".