BAKI, 1 may. TELEQRAF

Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumu çərçivəsində çıxış edən iştirakçı Aissata Makadji qlobal miqyasda iqtisadi zəncirlərin yenidən balanslaşdırılmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, A. Makadji ilk növbədə təhsil sistemlərinin dekolonizasiyasının vacibliyinə toxunub.

O bildirib ki, universal biliklərə qarşı çıxmadan, məktəblərdə yerli dillərin, müstəmləkəçilikdən əvvəlki tarixin və milli biliklərin tədrisi ön plana çəkilməlidir.

Eyni zamanda, gənclərin qərarvermə proseslərindəki roluna diqqət çəkən A. Makadji gənc nəslin tribunalarda sadəcə "dekorasiya" kimi deyil, danışıqlar masasında real aktor kimi iştirak etməli olduğunu vurğulayıb.

A. Makadji qeyd edib ki, müasir nəsil artıq ona yer verilməsini gözləmir, bu yeri öz məsuliyyəti və gücü ilə tutmaqda israrlıdır:

"Bu forum bir şansdır. Biz bunu gözəl nitqlərlə boşa verməməliyik. Reallaşan təkliflər, davamlı ittifaqlar və transformasiya edən qərarlar qəbul etməliyik".