BAKI, 1 may. TELEQRAF

Bakı Təşəbbüs Qrupu (BTQ) son illərdə 35-dən çox beynəlxalq tədbir reallaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumunda bildirib.

O vurğulayıb ki, bu tədbirlərdə əsasən neomüstəmləkə siyasətinin fəsadları, insan hüquqlarının qorunması, yerli xalqların və etnik azlıqların müdafiəsi kimi aktual mövzular diqqət mərkəzində saxlanılıb.

A.Abbasov 2024-cü ildən etibarən BTQ-nin fəaliyyətini həm də "beyin mərkəzi" formatında davam etdirdiyini vurğulayıb:

"Cari ildən etibarən üç kitab və 40-dan çox genişhəcmli hesabat dərc etmişik. Eyni zamanda, beynəlxalq təsisatlara və müvafiq institutlara nüfuzlu tədqiqat materialları təqdim olunub. Hazırda müstəmləkəçilikdən əziyyət çəkən 9-dan çox xarici ərazi, eləcə də neomüstəmləkəçilikdən zərər görən 15-dən artıq ölkə ilə səmərəli əməkdaşlıq platformamız mövcuddur".

O qeyd edib ki, qurum Birləşmiş Millətlər Təşkilatı (BMT), onun İnsan Hüquqları Şurası, İnsan Hüquqları Komitəsi, Gənclər Ofisi, habelə Qoşulmama Hərəkatı kimi qlobal təşkilatlarla sıx tərəfdaşlıq əlaqələri qurub.