BAKI, 28 yanvar. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pekinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.

“Çin Kommunist Partiyasının Muzeyinə ziyarət böyük şərəf olub. Muzey Çin xalqının zəngin tarixini, strateji baxışını və əldə etdiyi mühüm nailiyyətləri aydın və təsirli şəkildə əks etdirir.

Ziyarət zamanı Çinin inkişaf yolu və milli dirçəliş strategiyası haqqında dəyərli məlumatlar əldə edilib. Təqdim olunan ekskursiya ölkənin keçdiyi tarixi mərhələləri daha dərindən anlamağa imkan yaradıb. Səmərəli və peşəkar təşkil olunmuş tur üçün təşəkkür edirik”,- paylaşımda qeyd edilib.